Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 Qərar № 6/42

18.06.2013

 

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın təqdim edilməsi Qaydaları”nın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən aktlar qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-11 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın təqdim edilməsi Qaydası” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş Qaydaların rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin