Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində görülən işlər çərçivəsində səhiyyənin ən prioritet sahələrindən olan ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (hər institut üçün 1,0) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 aprel 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin