Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ KOREYA RESPUBLİKASI ARASINDA 2008-Cİ İL MAYIN 19-DA BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Koreya Respublikası arasında 2008-ci il mayın 19-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Geoelmlər və Mineral Resurslar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Koreyanın Resurslar Korporasiyası (KORES) arasında mineral ehtiyatların birgə işlənməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair 24 aprel 2007-ci ildə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, Azərbaycan Respublikasının şimal-şərq hissəsində mineral xammal kəşfiyyatı aparılması haqqında Saziş;

1.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Pyunghwa Engineering Consultants Ltd arasında Azərbaycan Respublikasında magistral yolların inkişaf etdirilməsi çərçivəsində Şamaxı-Quba avtomobil yolunun Texniki İqtisadi Əsaslandırılmasının, işçi layihəsinin işlənib hazırlanması və tikintisinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu;

1.5. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Dongsung Engineering Co.Ltd şirkəti arasında Bakı buxtasında dəniz körpüsünün layihələndirilməsi üzrə Anlaşma Memorandumu;

1.6. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Koreya Respublikasının Kadastr Xidməti Korporasiyası arasında torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin