Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASINDA ÜNVAN REYESTRİNİN APARILMASI VƏ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNƏ ÜNVAN VERİLMƏSİ QAYDALARI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması üçün tələb olunan zəruri maliyyə vəsaitinin bir ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ayrılmasını təmin etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu Fərman qüvvəyə mindiyi günədək nəqliyyat infrastrukturu obyektlərinə verilmiş adların siyahılarının, habelə verilmiş ünvanlar haqqında məlumatların bir ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılsın ki:

4.1. Azərbaycan Respublikasının ərazisi üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin yerləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin