Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 453, №12, maddə 731; 2004-cü il, №10, maddə 760; 2005-ci il, №4, maddə 280, №10, maddələr 871, 872; 2006-ci il, №10, maddə 846, №11, maddə 927; 2007-cı il, №8, maddə 756, №11, maddə 1073, 1081; 2008-ci il, №3, maddə 155, №10, maddə 882; 2009-cu il, №2, maddə 48, №6, maddə 399; 2010-cu il, №3, maddə 171, №4, maddə 273) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə aşağıdakı məzmunda 87-1-ci maddə əlavə edilsin:

“87-1. Qadın polis əməkdaşı hamiləliyə və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət almaq hüququna malikdir.

Hamiləliyə və doğuşa görə məzuniyyətlər müvafiq tibb müəssisələrinin arayışları əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü (doğuş çətin olduqda, yaxud iki və daha çox uşaq doğulduqda 70 təqvim günü) müddətində verilir.

Qadın polis əməkdaşına qismən ödənişli sosial məzuniyyət öz arzusu ilə tam və ya hissələrə bölünməklə verilə bilər. Qadın polis əməkdaşının verilmiş məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır.

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddəti növbəti xüsusi rütbədə xidmət müddətinə, qismən ödənişli sosial, habelə uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət müddəti yalnız xidmət illərinə və pensiya üçün xidmət illərinə əlavə edilir.

Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın polis əməkdaşına öz arzusu ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir. ”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin