Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

1. “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

2. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca “MİQRASİYA ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.

3. İkinci dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Dəfnə yarpaqları ilə əhatə olunmuş bu kompozisiyanın yuxarı hissəsində diametri 3 mm olan səkkizguşəli ulduz təsvir olunmuşdur. Səkkizguşəli ulduzlar, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər, dəfnə yarpaqları və sözlər relyefli olub, qızılı rəngdədir.

4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Səkkizguşəli ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ” sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Yaşıl xara lentin kənarlarından mərkəzə doğru bir-birindən 5 mm aralı yerləşən və hər biri 1 mm olan sarı rəngli iki zolağın arasında 3 mm enində sarı rəngli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.

6. Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin