Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Heydər Əliyev” Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 612, 2007, № 9, maddə 867, № 10, maddə 996; 2008, № 8, maddə 717, № 9, maddə 797; 2009, № 2, maddə 78, № 7, maddə 580, № 12, maddə 1043, 2010, № 5, maddə 443) 2012-ci il sentyabrın 1-dən ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifləri əsasında iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydalarını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin