RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 25 nəfər tələbə üçün hər biri 200 000 (iki yüz min) manat məbləğində Prezident təqaüdü təsis edilsin.
2. Müəyyən edilsin ki, Prezident təqaüdü Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
3. Müəyyən edilsin ki, Prezident təqaüdünün verilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin təhsil xərcləri maddəsi hesabına həyata keçirilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri “3” sentyabr 2001-ci il