“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci bəndinə uyğun olaraq qərara alır:
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 349; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 589) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilələr sayılır.”.
2. 6-cı maddənin birinci cümləsində “orqanlarının” sözündən sonra “və dövlətə məxsus müəssisələrin” sözləri əlavə edilsin.
3. 17-ci maddənin birinci hissəsində “orqanları” sözündən sonra “və dövlətə məxsus müəssisələr” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il.