Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 30 İYUN TARİXLİ 842-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 842-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №10, maddə 716) 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 3.3-cü maddəsində, 7.1-ci maddəsinin üçüncü cümləsində, 14.3-cü, 15.1-ci, 15.2-ci, 16.1-ci, 19.3-cü, 19.4-cü, 19.5-ci, 31.2-ci və 32-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişin hazırlanması üçün danışıqların aparılması səlahiyyətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 29.4-cü və 31.6-cı maddələrinin birinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.

2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 26; 2006-cı il, №7, maddə 590; 2008-ci il, №3, maddə 174) 3-cü bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 65) ilə təsdiq edilmiş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 1.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 323, №12, maddə 1034; 2007-ci il, №11, maddə 1105, №12, maddə 1246; 2009-cu il, №7, maddə 533; №8, maddə 627; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 oktyabr tarixli 160 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.11-1-ci bənd əlavə edilsin:

“9.11-1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqlar aparmaq;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1224; 2009-cu il, №4, maddə 222) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.4.7-1-ci bənd əlavə edilsin:

“2.4.7-1. öz səlahiyyətləri daxilində dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №4, maddə 220) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”yə aşağıdakı məzmunda 4.1.9-1-ci bənd əlavə edilsin:

“4.1.9-1. öz səlahiyyətləri daxilində dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin