Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 24 İYUN TARİXLİ 656-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 656-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin