Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏNİN VƏ KOMİTƏNİN STRUKTURUNUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddini müəyyən etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. “Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 780 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 500; 2005-ci il, № 10, maddə 910; 2008-ci il, № 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin