RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BÜDCƏSİNİN TƏRKİBİNDƏ “AVTOMOBİL YOLLARI” MƏQSƏDLİ BÜDCƏ FONDUNUN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Bu sahədə görülən işlərin sürətləndirilməsini, avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etmək məqsədi ilə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondu yaradılsın.
2. Müəyyən edilsin ki, “Avtomobil yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
2.1. yol vergisi;
2.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi;
2.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər;
2.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu;
2.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu;
2.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu.
3. Müəyyən edilsin ki, “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi qaydalarını 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2006-cı il.