İQTİSADİYYAT
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Monteneqroda aqroekoloji göstəricilərə dair seminarda təmsil olunmuşdur
Bakı, 24 aprel (AZƏRTAC). Dövlət Statistika Komitəsinin (DSK) nümayəndəsi Rəşad Bayramov BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Monteneqronun Budva şəhərində keçirilmiş aqroekoloji göstəricilərə dair seminarda iştirak etmişdir.
DSK-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə MDB ölkələrindən, Serbiya, Sloveniya, Monteneqro, Türkiyə, Gürcüstan və Litvadan, eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyasından, ümumilikdə, kənd təsərrüfatı və ekologiya sahəsi üzrə 34 mütəxəssis iştirak etmişdir.
Seminarın əsas məqsədi istehsal prosesi zamanı insanların ətraf mühitə təsirini öyrənmək üçün əldə edilən aqroekoloji göstəriciləri ölkələr üzrə müzakirə etmək və mövcud problemlərin birgə həlli yollarını araşdırmaqdan ibarət olmuşdur.
Seminarda UNECE-nin aqroekologiya üzrə ekspertləri tərəfindən bu sahə üzrə ümumi məlumat verilmiş, onun əhəmiyyətindən danışılmışdır.
Seminarda iştirakçı ölkələr üzrə pestisidlər və mineral gübrələrlə əlaqədar təqdimatlar edilmiş və mövcud vəziyyət müzakirə olunmuşdur.
Sonda “Ozon təbəqəsini dağıdan maddələr üzrə Monreal Protokolu”, “Təhlükəli tullantıların transsərhəd daşınması və onların məhvinə nəzarət üzrə Bazel Konvensiyası” və “Bərk üzvi çirkləndiricilərin məhv edilməsinə dair Stokholm Konvensiyası” barədə təqdimatlar dinlənilmişdir.