Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, №7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddə 1049; 2008-ci il, № 3, maddə 156) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 47-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:”.

2. 71-ci maddədə:

2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər”.

2.2. maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.”.

3. 80-ci maddədə:

3.1. maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.”.

3.2. maddənin 2-ci hissəsi 3-cü hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.”.

4. 97-ci maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.”.

5. 104-cü maddənin 1-ci hissəsinin sonuncu cümləsi çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin