ELM VƏ TƏHSİL
“Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” kitabı nəşr olunub
Bakı, 11 fevral, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor İlham Tahirovun “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” əsəri işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Həbib Zərbəliyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundova və “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramovdur.
Kitab Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması məsələlərinin icrası istiqamətində Dilçilik İnstitutunda 2019-2020-ci illər ərzində aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq ərsəyə gəlib. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dilçilik İnstitutunun “Azərbaycan coğrafi adlarının ingilis və rus dillərinə transliterasiyası” birgə layihəsinin ilk mərhələsi əsasında hazırlanıb.
Yeni nəşrdə Azərbaycan Respublikasının bütün şəhər və rayonları üzrə ümumilikdə 4592 şəhər, rayon, qəsəbə, kənd ərazi vahidinin adı ingilis əlifbasına transliterasiya edilib.
Əsər ölkə daxilində, eləcə də beynəlxalq istifadə üçün nəzərdə tutulan siyasi-iqtisadi, rəsmi-işgüzar sənədlərdə, dövlətlərarası yazışmalarda və diplomatik fəaliyyətdə, kartoqrafik və digər nəşrlərdə Azərbaycan Respublikasının ərazi vahidlərinin adlarının müasir Azərbaycan dilinin orfoqrafik normalarına uyğun yazılış formasının ingilis dilinə transliterasiyasında davam etməkdə olan pərakəndəliyin aradan qaldırılmasında mühüm rol oynayacaq.
Kitab dövlət orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.