Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246 və 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667; Azərbaycan Respublikasının 29 iyun tarixli 416-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 23.1.5–1-ci maddə əlavə edilsin:

“23.1.5–1. ictimai işlər; ”.

2. 25.5-ci maddədə “üç” sözü “beş” sözü ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 28–1-ci maddə əlavə edilsin:

“Maddə 28–1. İctimai işlər

28–1.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28–1.2. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

28–1.3. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

28–1.3.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;

28–1.3.2. hamilə qadınlara;

28–1.3.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;

28–1.3.4. pensiya yaşına çatmış qadın və kişilərə;

28–1.3.5. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara.”.

4. 31.1-ci maddədə “inzibati cərimə” sözlərindən sonra “, ictimai işlər” sözləri əlavə edilsin.

5. 49-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.”.

6. 159–1-ci maddə ləğv edilsin.

7. Aşağıdakı məzmunda 313–2-ci maddə əlavə edilsin:

“Maddə 313–2. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

313–2.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -

yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.

313–2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -

nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

313–2.3. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə -

on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu Məcəllənin 313–2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

2. Bu Məcəllənin 313–2.3-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə aşağıdakılar başa düşülür:

2.1. üzrsüz səbəbdən həftədə iki dəfə və daha çox ictimai işə çıxmamaq;

2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;

2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.”.

8. 298-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 298. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması

298.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə -

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

298.2. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə -

üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”.

9. 360.1-ci maddədə “159–1” rəqəmi çıxarılsın və “296–1,” rəqəmindən sonra “298,” rəqəmi əlavə edilsin.

10. 371.5-ci maddədə “və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma” sözləri “, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər” sözləri ilə əvəz edilsin.

11. 398.1.1-ci maddədə “tabe olmadıqda,” sözlərindən sonra “yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda,” sözləri əlavə edilsin.

12. 410–1.9-cu və 456.4-cü maddələrdə “159–1-ci” sözü “313–2.2-ci” sözü ilə əvəz edilsin.

13. 446.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“446.1.4. Bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduqda;”.

14. Aşağıdakı məzmunda 446.1.5-ci və 446.1.6-cı maddələr əlavə edilsin:

“446.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda;

446.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 313–2.1, 313–2.2 və ya 313–2.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə.”.

15. Aşağıdakı məzmunda 456–1-ci maddə əlavə edilsin:

“Maddə 456–1. İctimai işlər haqqında qərarın icrası

456–1.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.

456–1.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin çəkilməsinə cəlb olunur.

456–1.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.

456–1.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

456–1.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.

456–1.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icra edilməsinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

456–1.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.

456–1.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.

456–1.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.

456–1.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

456–1.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 313–2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.”.

Maddə 2. Bu Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin