CƏMİYYƏT
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yeni müdavimlərinə “İlk tibbi yardım” kursu keçirilir
Bakı, 20 iyul, AZƏRTAC
İşğaldan azad edilmiş Qarabağda aparılan mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarının genişləndirilməsinin davamı olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən yeni müdavimlərin əməliyyatlara cəlb edilməsi istiqamətində fəaliyyət icra olunur.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir faydalı əməkdaşlıq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə reallaşdırılır.
Belə ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinin həkimləri ANAMA-nın işə yeni qəbul edilən sahə əməkdaşları üçün “İlk tibbi yardım” kursu təşkil edir. Agentliyin peşə xüsusiyyətlərinə nəzərən, bu kimi kurslar sahədə fəaliyyət göstərən minaaxtaranların ilk tibbi yardım vərdişlərinin formalaşdırılması istiqamətində həyati əhəmiyyət kəsb edir.
Təlimdə Agentliyin yeni əməkdaşlarına mina hadisəsi baş verdikdə, günvurma hallarında, ilan və ya əqrəb sancmaları zamanı görüləcək zəruri tədbirlər və zərərçəkən şəxsin həyatı üçün təhlükə yaradan məqamların aradan qaldırılması məqsədilə bilik və bacarıqlar öyrədilir. Zərərçəkənin qısa müddətdə vəziyyətinin düzgün qiymətləndirilməsi, zəruri addımların atılması insan həyatının xilas olunmasına xidmət edir.
Müharibənin partlayıcı qalıqlarla mübarizədə Agentliyin əməkdaşları beynəlxalq təcrübəyə əsaslanaraq təhlükəsizlik tədbirlərinə riayət etməlidir. Həmçinin zərurət qarşısında hər bir minaaxtaran xəsarətin növündən asılı olmayaraq ilk tibbi yardımın göstərilməsini bilməlidir. Mina və partlamamış hərbi sursatların növü və partlayış gücündən asılı olaraq müxtəlif bədən xəsarətləri və ölümlə nəticələnə bilər.
Təlimdə yaraların düzgün və steril sarğılanması, qanaxmanın dayandırılması, süni tənəffüsün verilməsi, ürəyin qapalı masajı və digər zəruri tədbirlər üzrə nəzəri və praktiki biliklər aşılanır.
“İlk tibbi yardım” kursunun sonunda müdavimlər imtahanlara cəlb olunur. Bu günədək 477 nəfər ANAMA əməkdaşı TƏBİB tərəfindən keçirilən “İlk tibbi yardım” kursunda iştirak edib.
Qeyd edək ki, fəaliyyətini beynəlxalq minatəmizləmə standartlarına uyğun icra edən ANAMA əməliyyatların keçirildiyi hər bir tapşırıq sahəsində təcili yardım maşınları ilə təchiz olunur.