AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA
DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI HAQQINDA ƏSASNAMƏ
2006-cı il 20 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA
DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI HAQQINDA
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya) Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahədə) bu Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Administrasiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Administrasiya müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Administrasiya Bakı şəhərində yerləşir.
2. Administrasiyanın fəaliyyət istiqamətləri
7. Administrasiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir.
3. Administrasiyanın vəzifələri
8. Administrasiya bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. digər icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
8.6. qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.7. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
8.8. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.9. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.10. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.11. müvafiq sahədə kadr hazırlığını təmin etmək;
8.12. Administrasiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.13. Administrasiyanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.14. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini həyata keçirmək;
8.15. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət etmək;
8.16. Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyündə bələdçi xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
8.17. Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirmək;
8.18. qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində müvafiq sahənin sabit fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görmək;
8.19. dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.20. qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılmasını təşkil etmək və onun mühafizə olunması üçün zəruri tədbirlər həyata keçirmək;
8.21. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən öz gəmilərinin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, habelə gəmi sənədlərini vermək;
8.22. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası dəniz registrinin fəaliyyətini tənzimləmək, habelə Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;
8.23. qanunvericiliklə müəyyən edilmiş qaydada gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görmək;
8.24. gəmilərin saxlanılmasına və istismarına dair texniki tələbləri və qaydaları hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;
8.25. qanunvericiliklə müəyyən edilmiş qaydada dənizçi pasportlarının, dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, dənizçilərə ixtisas şəhadətnamələri (diplomları) və dənizçi pasportları vermək;
8.26. qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada müvafiq sahəyə aid obyektlərdə qəza hallarının təhqiqatına kömək göstərmək;
8.27. müəyyən edilmiş qaydada dəniz yollarında naviqasiya təminatına nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasının ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemini (GHİS) təşkil etmək;
8.28. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahəyə aid olan obyektlərin, gəmilərin, texniki gəmi avadanlıqlarının və digər qurğuların tikintisi, istismarı, təmiri və yenidən təchizatı ilə əlaqədar tələbləri hazırlamaq və təsdiq etmək;
8.29. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahəyə aid olan obyektlərin (limanlar, liman məntəqələri, yükaşırma terminalları) inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsinin texniki göstəricilərini yoxlamaq və rəy vermək;
8.30. qanunvericiliklə müəyyən edilmiş qaydada limanlar, liman məntəqələri və yükaşırma terminalları daxil olmaqla, dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək;
8.31. mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;
8.32. Azərbaycan Respublikasının Xəzər Dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;
8.33. müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;
8.34. gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək;
8.35. mülkiyyət növündən asılı olmayaraq, bütün gəmilərin və digər üzən qurğuların adlandırılması (kiçik həcmli gəmilər istisna olmaqla) qaydalarını, habelə Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını hazırlamaq;
8.36. müvafiq sahəyə aid olan qanunvericiliyin pozulmasına görə şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
8.37. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Administrasiyanın hüquqları
9. Administrasiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.5. müvafiq sahəyə aid olan tədbirlərdə iştirak etmək;
9.6. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.7. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.9. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.10. qanunvericiliyə uyğun olaraq gəmi heyəti üzvlərinə verilmiş şəhadətnamələri (diplomları) ləğv etmək və ya onların qüvvədə olmasını dayandırmaq;
9.11. xarici dövlət bayrağı altında üzən gəmilər vasitəsilə kabotaja icazə verilməsi məsələlərini həll etmək;
9.12. müəyyən edilmiş qaydada müvafiq sahədə baş verən qəza hadisələrinin və onların baş verməsi səbəblərinin araşdırılmasını və təhqiqatın liman kapitanları və gəmi sahibləri tərəfindən aparılması üçün zəruri tədbirlər görmək;
9.13. müvafiq sahədə işçi qrupları və komissiyalar yaratmaq;
9.14. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;
9.15. dəniz üzgüçülüyünün təhlükəsizliyinə və sahil zonasının çirkləndirilməməsinə dair tələblərin yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək;
9.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;
9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində müvafiq sertifikatların (diplomların) verilməsi üzrə ixtisas komissiyaları yaratmaq, onların fəaliyyətinə rəhbərlik etmək, habelə müvafiq sahədə aidiyyəti təşkilatları cəlb etməklə birgə komissiyaların işini təşkil etmək;
9.18. dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Administrasiyanın fəaliyyətinin təşkili
10. Administrasiyanın aparatı və onun strukturuna daxil olan qurumları Administrasiyanın vahid sistemini təşkil edir. Administrasiya öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Administrasiyanın işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Administrasiyanın strukturu Administrasiya tərəfindən təsdiq edilir.
12. Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Administrasiyanın rəisi Administrasiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Administrasiyanın rəisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
14. Administrasiya rəisinin müavinləri onlara Administrasiyanın rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
15. Administrasiyanın rəisi:
15.1. Administrasiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. Administrasiyanın aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;
15.3. müəyyən edilmiş əmək haqqı fondu və işçilərin say həddi daxilində Administrasiyanın aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.4. Administrasiyanın aparatının işçilərini və digər qurumlarının rəhbərlərini və ya həmin qurumların rəhbərləri ilə yanaşı, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
15.5. qanunvericiliklə müəyyən olunmuş qaydada liman kapitanlarını təyin edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
15.6. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə beynəlxalq sənədlər üzrə danışıqlar aparır, onları müəyyən edilmiş qaydada imzalayır və icrasına nəzarətin həyata keçirilməsini təmin edir;
15.7. qanunvericiliyə uyğun olaraq, icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
15.8. Administrasiyanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
15.9. Administrasiyanı təmsil edir;
15.10. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
16. Administrasiyada Administrasiyanın rəisindən (kollegiya sədri), onun müavinindən (müavinlərindən) və Administrasiyanın rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Orqanın kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
17. Administrasiyanın kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
18. Administrasiyanın kollegiyası öz iclaslarında Administrasiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
19. Administrasiyanın kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Administrasiyanın kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Administrasiyanın kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20. Administrasiyanın kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Administrasiyanın rəisi tərəfindən təsdiq edilir.
21. Administrasiyanın kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Administrasiyanın rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Administrasiyanın kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
22. Administrasiyanın kollegiyasının iclaslarına, zəruri hallarda, digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.