Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Möhtərəm Prezidentimiz,

Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar, Sizin 2002-ci il 7 noyabr tarixli Fərmanınızla teatrın bir qrup əməkdaşına fəxri adlar verilmişdir. Bu yüksək adların verilməsi ilə Bakı Bələdiyyə Teatrının yubileyi unudulmaz bayrama çevrildi. Əziz Prezidentimiz, teatrın kollektivinə bəxş etdiyiniz bu sevinc və bayram üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Bakı Bələdiyyə Teatrının 10 illik yubileyinə verilən bu ali qiymət kollektivimizi yeni-yeni sənət uğurlarına ruhlandırır. Teatrımızın kollektivi Sizin mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğını hər zaman hiss edir, bundan çox böyük qürur duyur. Mədəniyyət və incəsənət xadimlərinə təyin etdiyiniz Prezident təqaüdləri və mükafatlar bütövlükdə mədəniyyətimizin inkişafına, o cümlədən də 130 yaşlı dünyəvi peşəkar Azərbaycan teatr sənətinin daim yaşamasına və çiçəklənməsinə xidmət edir.

Biz xoşbəxtik ki, mədəniyyətimizin Sizin kimi qayğıkeşi var.

Sevimli Prezidentimiz,

Əmin ola bilərsiniz ki, Bakı Bələdiyyə Teatrının kollektivi bundan sonra da bütün bacarıq və istedadını teatr mədəniyyətimizin inkişafına sərf edəcəkdir. İxtiyar Sahibi Böyük Yaradandan Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızı inkişaf etdirib dünyaya tanıtmaq kimi çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Bakı Bələdiyyə Teatrının

kollektivi adından

AMALİYA PƏNAHOVA,

teatrın bədii rəhbəri,

xalq artisti,

Milli Məclisin deputatı,

Dövlət mükafatları laureatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin