Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Sizi - yeni müstəqil Azərbaycan dövlətinin, dövlətçiliyinin banisini, siyasi memarını, yorulmaz təşkilatçısını və xalqımızın xilaskarını təşəbbüsçüsü və müəllifi olduğunuz 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni - 2003-cü il münasibətilə təbrik etməkdən sonsuz fərəh və qürur hissi duyuruq.

Zati-aliləri, bu bayramların qəlbimizdə doğurduğu iftixar və sevinc hisslərinə kollektivimizə göstərdiyiniz daha bir atalıq qayğınız -“Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında” 2002-ci il 28 dekabr tarixli Sərəncamınız dərin minnətdarlıq duyğuları da əlavə etmişdir.

Cənab Prezident, Siz müstəqil ölkəmizdə demokratiyanın inkişafı, o cümlədən mətbuat və söz azadlığının təmin olunması üçün hər cür şərait yaratmısınız və bu proses getdikcə dərinləşməkdədir. Qətiyyətlə deyə bilərik ki, bu gün müstəqil Azərbaycan Respublikası Sizin qüdrətli zəkanız sayəsində bir çox başqa sahələrdə olduğu kimi, insan hüquqları və azadlıqlarının, bunun tərkib hissəsi olan mətbuat və söz azadlığının təmin edilməsi sahəsində də dünyanın əksər ölkələrindən çox-çox irəliyə getmişdir və əslində, tarixi baxımdan zəngin ənənələri olan dövlətlərlə bir sıradadır. Buna görə də Sizin jurnalistlərin dostu olmağınız tamamilə qanunauyğun və təbiidir.

Möhtərəm cənab Prezident! Sizin ölkəmizdə kütləvi informasiya vasitələrinə daimi diqqət və qayğınız AZƏRTAC-ın timsalında özünün ən bariz təzahürünü tapmışdır. Sizin 1995-ci ildən bəri AZƏRTAC-la bağlı imzaladığınız fərmanlar və sərəncamlar agentliyin işinin yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi üçün hərtərəfli zəmin yaratmışdır. Məhz Sizin sayənizdə ilk dəfə olaraq, AZƏRTAC-ın xarici ölkələrdə müxbirləri fəaliyyətə başlamış, beləliklə, ölkəmiz bu sahədə də beynəlxalq aləmə yol açmışdır.

Cənab Prezident, kollektivimiz Sizin göstərdiyiniz diqqət və qayğını həm də üzərinə düşən yüksək məsuliyyət kimi qəbul edir. Ölkəmizin həyatının bütün sahələrində islahatların uğurla aparılması və gözəl bəhrələr verməsi, xüsusilə neft strategiyasının həyata keçirilməsi, müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması Sizin müdrik daxili və xarici siyasətinizin nəticəsidir. Bütün bunları təkcə respublikamızda deyil, həm də beynəlxalq miqyasda dəqiq və operativ işıqlandırmaq, doğma Azərbaycanımızı təbliğ etmək, Azərbaycan həqiqətlərini dünyaya yaymaq bizim bilavasitə vəzifəmiz, eyni zamanda Vətən, xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda bocrumuzdur. Sizi əmin edirik ki, bu vəzifəni, bu borcu şərəflə, ləyaqətlə, qarşımıza qoyduğunuz yüksək tələblər səviyyəsində yerinə yetirmək üçün bütün imkanlardan istifadə edərək fədakarcasına işləyəcək, kollektivimizə göstərdiyiniz böyük etimadı doğruldacağıq.

2003-cü il ölkəmizin həyatında çox mühüm bir ictimai-siyasi hadisə - növbəti Prezident seçkilərinin keçirilməsi ilə əlamətdar olacaqdır. Kollektivimiz birmənalı şəkildə əmindir ki, bəzi bədxahların böhtan və iftiralarının əksinə olaraq, bu seçkilərdə də xalqımız Sizə, özünün ümummilli liderinə, zəmanəmizin qüdrətli siyasi və dövlət xadiminə, doğma Vətənimizin xoşbəxt gələcəyinin təminatçısına yekdilliklə səs verəcəkdir. AZƏRTAC-ın kollektivi isə seçki kampaniyasının informasiya təminatının ön cərgəsində gedəcək, sevimli və əziz Prezidentimizə ümumxalq dəstəyinin layiqincə işıqlandırılması və təbliği üçün bütün imkanlarını səfərbər edəcəkdir.

Əziz Prezidentimiz! Sizi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn yeni - 2003-cü il münasibətilə kollektivimiz adından bir daha ürəkdən təbrik edir, Sizə, Azərbaycan xalqının ümidgahına Ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti diləyir, müstəqil dövlətimizin tərəqqisi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə məqsədyönlü və yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Sizə sonsuz sevgi və məhəbbət hissləri bəsləyən və sədaqətini əməli işi ilə sübut etməyə çalışan AZƏRTAC-ın kollektivi adından dərin hörmət və ehtiramla,

Aslan Aslanov

baş direktor

30 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin