AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasına rəsmi səfərim zamanı bu il sentyabrın 11-də Sizinlə görüşü böyük məmnunluqla və minnətdarlıqla xatırlayıram. Sizinlə görüş və ümumən ölkənizə səfərim Azərbaycanın sosial-iqtisadi tərəqqinin, iş yerləri yaradılmasının və iqtisadiyyata çoxsahəli xarakter verilməsinin vacib amili kimi turizmi əzmlə inkişaf etdirmək niyyətində olduğunu bir daha təsdiq etdi.
Turizmin inkişaf məsələlərini Gənclər, İdman və Turizm Nazirliyinin səlahiyyətinə vermək haqqında Sizin qərarınız bu mühüm sosial-iqtisadi fəaliyyətin dövlət tərəfindən əlaqələndirilməsinə yeni təkan vermişdir. Bu fəaliyyətin hərəkətverici qüvvəsi isə əlverişli şəraitdə işləyən özəl sektor olmalıdır.
Biz Dünya Turizm Təşkilatında Sizin belə bir fikrinizə tam şərikik ki, Azərbaycan xaricdən turist qəbul etmək və daxili turizm üçün çox böyük potensiala malikdir və bunun əsasını İpək Yolu üstündə mühüm mövqe tutan ölkənizin nadir təbii və mədəni-tarixi irsi təşkil edir.
Turizmin inkişafı və irəlilədilməsi sahəsində aparılan genişmiqyaslı işdə Azərbaycan Respublikası Dünya Turizm Təşkilatı tərəfindən hər cür kömək və dəstəyə ümid edə bilər.
Zati-aliləri, Sizə çox yüksək hörmət bəslədiyimə əmin ola bilərsiniz.
Françesko Franjialli
Dünya Turizm Təşkilatının baş katibi
Madrid şəhəri, 24 sentyabr 2002-ci il.