AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu,
Gürcüstanla Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin bərpa olunmasının 10 illiyi ilə əlaqədar Sizə böyük məmnuniyyətlə təbriklərimi yetirirəm.
Gürcü və Azərbaycan xalqlarının çoxəsrlik qardaşlıq və mehriban qonşuluq ənənələri elə bir bünövrə olmuşdur ki, ötən dövrdə bunun üzərində iki müstəqil qonşu dövlət arasında dostluq, tərəfdaşlıq, strateji əməkdaşlıq münasibətlərinin son dərəcə həyat qabiliyyətli sistemi qurulmuşdur.
Xalqlarımızın “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında bəyannamə”də ifadə edilmiş sülhə, sabitliyə və tərəqqiyə nail olmaq niyyəti Gürcüstanın və Azərbaycanın talelərini bir-birinə möhkəm bağlamışdır. Bu dövrdə biz ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətlərində müsbət potensialın getdikcə artması prosesinin şahidi və bilavasitə iştirakçısı olmuşuq. Dövlətlərimizin sıx qarşılıqlı fəaliyyəti “Böyük İpək yolu”nun bərpası, Şərq-Qərb enerji dəhlizinin yaradılması kimi tarixi layihələrin və onlarla bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi layihələrinin həyata keçirilməsinə başlamağa imkan vermişdir.
Gürcüstanla Azərbaycan arasındakı dostluq münasibətləri və mehriban qonşuluq ölkələrimizin bütün dünya birliyində rolunun və nüfuzunun sürətlə artmasına çox kömək etmiş və bunu irəlicədən müəyyənləşdirmişdir.
Cənab Prezident, icazə verin, Gürcüstanla Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin bərpa olunmasının 10 illiyi münasibətilə Sizi bir daha təbrik edim və Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayım.
Dərin hörmətlə,
Eduard Şevardnadze
Gürcüstan Prezidenti
Tbilisi, 12 noyabr 2002-ci il.