AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Bu gün peşə bayramını Ədliyyə Nazirliyində təntənəli şəkildə qeyd edən biz ədliyyə işçiləri Azərbaycan dövlətçiliyinin memarı və xilaskarı, dövlət müstəqilliyimizin təminatçisi, yeni hüquq sistemimizin qurucusu kimi Sizə müraciət etmək, bu sevincli anları bizə bəxş etdiyinizə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.
Məhz Sizin böyük qətiyyətiniz və yenilməz iradəniz, zəngin dövlətçilik təcrübəniz, müdrik və uzaqgörən daxili və xarici siyasətiniz, vətənə, xalqa olan hədsiz sevginiz nəticəsində milli dövlətçiliyimiz bütün xəyanətkar qəsdlərdən qorunmuş, Azərbaycan tarixinin yeni erası - müstəqil inkişaf dövrü başlanaraq, ictimai və dövlət həyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunmuş, hərtərəfli demokratik islahatlar aparılmış, dövlətimiz dünya birliyində öz layiqli yerini tutmuşdur.
Hüquqi islahatların aparılmasına müstəsna əhəmiyyət verərək həyata keçirdiyiniz məhkəmə-hüquq islahatı nəticəsində insan haqlarının daha etibarlı müdafiəsinə xidmət edən yeni müstəqil məhkəmə sistemi bərqərar olunmuş, cəmiyyətdə məhkəmələrin və ədliyyə orqanlarının rolu və nüfuzu artmış, onların yüksək statusunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər görülmüşdür.
Bu gün ədliyyə orqanları haqqın və ədalətin keşiyində ləyaqətlə dayanan, ədliyyə işçisinin nüfuzunu əməli ilə qoruyan əməkdaşlar hesabına formalaşdırılır.
Sizin “Sağlam mənəviyyat qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır” kəlamınız Azərbaycan milli dövlətçiliyinin ən şərəfli tarixini yaradan dövlət başçımıza həsr etdiyimiz yeni, möhtəşəm stenddə öz əksini taparaq kadr işimizdə əsas yol göstəricimizdir. Bu baxımdan, yaratdığınız əbədi milli sərvət - Heydər Əliyev məktəbinin əhəmiyyəti isə misilsizdir.
Bu məktəbin ən layiqli nümayəndəsi, istedadlı dövlət xadimi İlham Əliyevin ölkəmizin tərəqqisi naminə gərgin fəaliyyətini qeyd etməmək mümkün deyildir. Dövlət gənclər siyasətinin həyata keçirilməsində misilsiz fəaliyyəti, əsl vətəndaşlıq, vətənpərvərlik nümunəsi göstərməsi ilə Azərbaycan gəncliyinin həyat idealına və şəksiz liderinə çevrilmiş İlham Əliyevin fədakar əməyi hər bir dövlət məmuru üçün böyük örnəkdir.
Möhtərəm cənab Prezident!
Sizi qəti əmin edirik ki, ədliyyə işçiləri öz işini yüksək tələbləriniz səviyyəsində quraraq, haqqın və ədalətin keşiyində dönməz dayanacaq, ədliyyə işçisi adını uca tutacaq, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi yolunda Sizə daim layiqli yardımçı olacaqlar.
Ədliyyə işçiləri adından,
Fikrət Məmmədov
Ədliyyə naziri
22 noyabr 2002-ci il