Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

-Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm cənab Prezident!

Azərbaycan xalqının müdrik rəhbəri, islam dininin böyük təəssübkeşi və hamisi olan Zati-alilərinizi Allah-taalanın qüdrət və əzəmətinə sədaqət rəmzi - müqəddəs Ramazan bayramı münasibətilə bütün Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Ulu Yaradanın mərhəmət və şəfqətini üzərinizdən heç zaman əskik etməməsini diləyirəm.

Mübarək Qurani-Kərimin nazir olduğu, 11 ayın sultanı olan Ramazan ayının məğfirəti böyükdür. Allah-taalaya həmd və səna ilə oruc ibadətini tamamlayan, ibadət yolu ilə Uca Tanrıya, məhəbbət və qardaşlıq yolu ilə də bir-birlərinə yaxınlaşmış müsəlmanlarımız bu bayram günündə məscidlərimizdə etdikləri bütün dualarında xalqımızın böyük oğlu, millətimizin xilaskarı, qayğıkeş rəhbəri və dünya azərbaycanlılarının fəxri Heydər Əlirza oğlu Əliyev üçün uzun ömür və səadət, xalqımızın haqq işi uğrunda gərgin mübarizəsində müvəffəqiyyətlər arzulayırlar. Bu, bütün xalqın öz müdrik rəhbərinə, islami dəyərləri yüksək qiymətləndirən, müqəddəs dini məbədlərimizin bərpasına, islamın yenidən dirçəldilməsinə rəvac verən dahi şəxsiyyətə olan dərin məhəbbətinin və səmimi duyğularının əyani təzahürüdür.

Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur: “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz” (Ali-İmran, 160). Şübhəsiz ki, Zati-alilərinizə Uca Tanrı həmişə yardımçı olmuş və inşallah, bundan sonra da olacaqdır. Doğma xalqının qayğıları ilə yaşayan, ömrünü millətin səadətinə həsr edən, Vətənin müstəqilliyinin dönməzliyi uğrunda mübarizə aparan, müqəddəs dinimizə və adət-ənənələrimizə ehtiramla yanaşan dahi bir şəxsiyyət üçün ilahi nur - Yaradanın töhfəsidir. Biz inanırıq ki, Allahın köməyi və Sizin müdrik rəhbərliyiniz altında Azərbaycanın haqq işi qalib gələcək və builki Ramazan bayramına yetişən müsəlmanlarımızın duaları qəbul, savabları isə sülh və xeyir-bərəkət olacaqdır!

Zati-aliləri!

Bu əziz bayram günündə müsəlmanların iradəsini ifadə edərək, Sizi ürəkdən təbrik edir və Azərbaycanın səadəti naminə gördüyünüz bütün işlərdə Uca Yaradandan uğurlar diləyirəm. Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam

Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları

İdarəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin