Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm, əziz Prezidentimiz cənab Heydər Əliyev!

Neçə gündür ki, bizə bəxş etdiyiniz böyük, unudulmaz səadətlə yaşayırıq. Zati-aliləri, buna səbəb dekabrın 20-də yaradıcılığımızın 25 illiyinə həsr olunmuş axşam konsertinə təşrif buyurmaqla bizi hədsiz şərəfləndirərək bu konserti həqiqi bayrama, tarixi əhəmiyyətli mədəniyyət hadisəsinə çevirməyiniz, bizə, bizim fəaliyyətimizə öz miqyası ilə təsəvvürümüzə sığmayan yüksək qiymət verməyinizdir. İnanın, indiyədək əldə etdiyimiz heç bir uğur, heç bir nailiyyət bizdə bu qədər sevinc, bu dərəcədə böyük xoşbəxtlik hissi oyatmamışdı.

Söylədiyiniz nitq öz dərin məzmunu və hərtərəfli təhlili ilə Sizin musiqi ifaçılığı mədəniyyətinə, o cümlədən professional vokalçılığa olan diqqətli, qayğıkeş münasibətinizin daha bir parlaq şəhadətidir. Əminik ki, bu nitqiniz minnətdar hafizələrdə həmişəlik həkk olunub ifaçıların indiki, yetişməkdə olan və gələcək nəsillər tərəfindən əvəzedilməz inkişaf proqramı kimi mənimsəniləcəkdir. Bilavasitə bizə aid olan sözləriniz isə bizim üçün həm hədsiz fərəh, həm də hədsiz məsuliyyət deməkdir.

25 illik səhnə həyatımız ərzində biz həmişə Sizin sənət adamlarına göstərdiyiniz əsl atalıq qayğınızdan güc alıb, onunla ruhlanıb yaradıcılıq zirvələrinə doğru irəliləmək üçün səyimizi əsirgəməməyə çalışmışıq. İstəyimiz, arzumuz Sizə, xalqımızın sevimli böyük öndərinə Azərbaycanı bəşəriyyətə ən parlaq, ən dəyərli surətdə, misli olmayan müdrikliklə tanıdan dahi şəxsiyyətə öz sənətimizi bacardığımız qədər layiqincə təqdim etmək, Sizin yüksək tələbli zövqünüzə uyğun olmaqdır.

Möhtərəm Prezident, əziz cənab Heydər Əliyev! Zati-aliləri, izn verin, mədəniyyətimizin musiqi ifaçılığı sahəsində olan kiçik əməyimizi bu qədər yüksək dəyərləndirdiyiniz üçün Sizə, dərin minnətdarlıqla öz səmimi, sonsuz təşəkkürümüzü bildirək.

Dünya azərbaycanlılarının həmrəyliyi günü bayramı və Yeni, 2003-cü il ərəfəsində ürəyimizdə, qəlbimizdə çırpınan “bizi, bütün sevimli xalqımızı yaşadan Sizsiniz” sözləri, sadiq övlad məhəbbəti ilə Sizə, bütün gözəl ailənizə Allahdan uzun-uzun ömür, cansağlığı və nur dolu səadət arzu edirik.

Sizin

Fidan və Xuraman Qasımovalar

Bakı, 28 dekabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin