AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident!
Sizin keçən əsrin 90-cı illərinin əvvəlində hakimiyyətə yenidən qayıdışınız sözün əsl mənasında Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Qayıdışınızla Azərbaycana sabitlik, əmin-amanlıq, tərəqqi və inkişaf gəldi. Bu gün Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan dövləti dünyanın nüfuzlu ölkələri arasında özünə layiqli yer tutmuşdur və Azərbaycan xalqı sivil xalq səviyyəsinə yüksəlmişdir. Zəngin siyasi təcrübəniz nəinki ölkədəki hərc-mərcliyi aradan qaldırmağa, ağır sosial-iqtisadi problemləri həll etməyə imkan vermiş, həmçinin əhalinin sağlamlığının qorunması üçün önəmli addımlar atılmasına da şərait yaratmışdır. Bu mənada, Sizin bilavasitə səhiyyə sisteminin inkişaf etdirilməsinə, əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə, bir sıra təhlükəli infeksiyaların qarşısının alınması üçün milli proqramların həyata keçirilməsinə aid fəaliyyətiniz Prezident kimi bu məsələyə xüsusi diqqət verdiyinizi göstərir. Məhz bunun nəticəsidir ki, Dünya Səhiyyə Təşkilatı Azərbaycanda yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan işləri bəyənir və bir sıra xüsusi təhlükəli xəstəliklərin qarşısının alınmasında Azərbaycan artıq əksepidemik tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Bu gün məhz Sizin dəstəyinizlə, Sizin köməyinizlə Azərbaycan poliomielitsiz ölkəyə çevrilmiş və respublikamız poliomielitsiz ölkə sertifikatı almışdır. Difteriya xəstəliyinin kökü kəsilmiş, malyariya ilə xəstələnmə minimuma enmiş, respublikada vərəmə qarşı kütləvi mübarizə tədbirləri başlanmışdır. Bir sıra qonşu ölkələrdən fərqli olaraq hazırda Azərbaycan qeyd edilən və adı çəkilməyən digər infeksiyalara qarşı mübarizədə qabaqcıl yer tutur. 2002-ci ildən başlayaraq respublikada “Hepatit B” kimi ağır xəstəliyə qarşı geniş mübarizə kampaniyasının başlanmasında da bizə öz nüfuzunuzla yardım etməyiniz göz qabağındadır. Bu kampaniyanın həyata keçirilməsində beynəlxalq qurum olan Qlobal Vaksinasiya Fondunun rəhbərliyinin bizə dəstəyi Sizə olan böyük hörmət və ehtiramın nəticəsidir.
Hörmətli Zati-aliləri!
Sizin Azərbaycanın elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də digər peşə sahiblərinə həmişə diqqət və qayğı ilə yanaşmağınız, xüsusilə biz səhiyyə işçilərini “özünüzün dostu” adlandırmağınız bizdə böyük qürur və fərəh hissi doğurur. Biz səhiyyə işçiləri də Sizi, əziz Prezidentimizi özümüzün dostu adlandırmaqdan çox məmnunuq. Sizin profilaktik təbabətin işçiləri haqqında söylədiyiniz “Səhiyyənin gələcəyi - profilaktik təbabətdir” sözləriniz bizim üçün bir fəaliyyət devizi olmuşdur. Həqiqətən də xəstəliklərin qarşısını almaq onları müalicə etməkdən qat-qat asandır.
Respublikada tibbi profilaktika istiqamətində aparılan tədqiqatların mərkəzi olan V.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun kollektivi institutun 80 illik yubileyi münasibətiıə Sizin tərəfinizdən imzalanmış təbrik məktubunu böyük səmimiyyət və sevinclə qarşıladı. Bu təbrik institutumuza, onun alimlərinə, hər bir əməkdaşına verilən böyük qiymətin ifadəsidir.
Cənab Prezident!
Bizə göstərilən bu böyük diqqət və qayğıya görə sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizi bir daha əmin etmək istəyirik ki, bizə göstərdiyiniz böyük etimadı doğruldacaq, Azərbaycan xalqının sağlamlığı naminə respublikamızda profilaktik təbabətin daha da inkişafına çalışacağıq.
Böyük ehtiram və dərin hörmətlə,
V. Axundov adına ET Tibbi Profilaktika
İnstitutunun kollektivi adından institutun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Tibb Elmləri Akademiyasının akademiki
Namiq Əliyev
8 yanvar 2003-cü il