AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Sizin ötən ilin son günündə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentini qəbul etməyiniz, Azərbaycan Milli Elmlər Akademiyasının statusu, Nizamnaməsi və prezidenti haqqında imzaladığınız 4 yanvar 2003-cü il tarixli fərmanlarınız Azərbaycan MEA-nın çoxminli kollektivi və respublikanın elmi ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanmışdır. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının tarixində çox böyük hadisədir.
Akademiyanın fəaliyyəti dövründə ilk dəfədir ki, onun statusu və burada çalışan alimlərin qarşısında duran mühüm vəzifələrlə əlaqədar belə yüksək səviyyədə fərmanlar qəbul edilir. Bu, Sizin Azərbaycan Milli Elmlər Akademiyasına xüsusi qayğı və diqqətinizin təzahürüdür.
Azərbaycan Milli Elmlər Akademiyasına ölkəmizdə elmin inkişafını təşkil və təmin edən, müstəqil dövlətimizin elmi siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə elmi fəaliyyət sahəsində təmsil edən ali dövlət təşkilatı statusu verməyiniz Akademiyanın alimləri qarşısında şərəfli, mahiyyətcə yeni və məsul vəzifələr qoyur.
Azərbaycan MEA-nın Sizin tərəfinizdən təsdiq edilən yeni Nizamnaməsi Akademiyanın ölkəmizdə elmin baş qərargahı kimi daha səmərəli fəaliyyət göstərməsinə, elmin müasir sahələrində daha sanballı uğurlar əldə etməsinə zəmin yaradır. Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin təsis olunması haqqında sərəncamınız isə Azərbaycan elminin üfüqlərini daha da genişləndirəcək, bu qədim diyarı ölkəmizin nüfuzlu elm mərkəzlərindən birinə çevirəcəkdir.
Möhtərəm cənab Prezident!
Azərbaycan MEA-nın əməkdaşları Sizin elmə və alimlərə göstərdiyiniz qayğını həmişə minnətdarlıqla etiraf edirlər. Ötən il Azərbaycan MEA-da çalışan işçilərin hamısının əmək haqlarının əsaslı şəkildə artırılması bu qayğının parlaq təzahürüdür.
Azərbaycan MEA-nın Rəyasət Heyəti Sizi əmin edir ki, alimlərimiz Akademiya ilə bağlı qəbul etdiyiniz qərarların işığında daha səmərəli çalışacaq, müstəqil dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə əllərindən gələni edəcəklər.
Müraciət Azərbaycan MEA Rəyasət
Heyətinin 8 yanvar 2003-cü il tarixli
geniş iclasında qəbul olunmuşdur.