Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident! 

Sizin “Bakı metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2003-cü il 17 fevral tarixli Sərəncamınız kollektivimiz tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdır. Bakı metropoliteni işçilərinin əmək haqlarının orta hesabla 50 faiz artırılmasını əməyimizə verilən yüksək qiymət və bizə göstərdiyiniz qayğının yeni təzahürü hesab edir və buna görə Sizə öz təşəkkürümüzü bildiririk.

Möhtərəm Prezident!

Siz Bakı metropolitenini Azərbaycan xalqının ən dəyərli milli sərvətlərindən biri hesab edir, onun inkişafına daim qayğı göstərirsiniz. Metropolitenin indiki yüksək səviyyəyə yetişməsində Sizin əvəzsiz xidmətləriniz var və qədirbilən xalqımız bunu heç vaxt unutmayacaqdır. Ötən ilin noyabrında Bakı metropoliteninin 35 illiyinin təntənəli şəkildə qeyd olunması, xüsusən yubiley mərasimində Sizin şəxsən iştirakınız çoxsaylı kollektivimizi riqqətə gətirmiş və bizi daha əzmlə çalışmağa sövq etmişdir. Yubiley mərasimindən ötən qısa müddətdə metronun daha bir stansiyası işə salınmış, yeni vaqonlardan komplektləşdirilmiş qatar sərnişinlərin istifadəsinə verilmişdir. Hazırda “Əhmədli-Həzi Aslanov” xətti də daxil olmaqla, Bakı metropoliteni xəttlərinin ümumi uzunluğu 31,5 kilometrə çatır. Bunun 22,3 kilometri məhz Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə tikilmişdir.

Zati-Aliləri!

Bakı şəhərində sərnişinlərin daşınması sahəsində xüsusi əhəmiyyəti olan yeraltı polad magistralların, onun fədakar əməkçilərinin problem və qayğıları 35 ildir ki, Sizin daim nəzarətinizdədir. Müəssisəmizin tarixinin ən şanlı və ən parlaq səhifələri məhz Sizin adınızla bağlıdır. Sizin tükənməz qurub-yaratmaq səyləriniz nəticəsində Bakı metropoliteni inkişaf etmiş və təkmilləşdirilmiş, şəhərimizin ən kütləvi nəqliyyat növünə çevrilmişdir.

Hazırda metropolitenin təmir bazasının möhkəmlənməsi, ötən il Rusiya Federasiyasından alınan 25 vaqon hesabına vaqon parkının yeniləşdirilməsi məhz Sizin yeraltı nəqliyyatın inkişafına verdiyiniz əhəmiyyətin nəticəsidir. Bu gün metropolitenimizin Moskva vaqon qayıranları ilə səmərəli iqtisadi əlaqələri öz başlanğıcını Sizin Sovet İttifaqının rəhbərlərindən biri olduğunuz dövrdən götürür. Rusiya nəqliyyatçıları, o cümlədən dəmiryolçular və xüsusən də Mıtişşi vaqonqayırma zavodu Sizin o dövrdəki xidmətlərinizi bu gün də unutmayır və onlara edilən hər bir müraciətimizi böyük məmnuniyyətlə yerinə yetirirlər. Sizin Bakı metrosu üçün etdiklərinizin canlı şahidlərinin böyük bir qismi bu gün də müəssisəmizdə çalışır. Onların arasında həyatının 30 və daha artıq ilini metropolitenə həsr etmiş insanlar var ki, bunlardan da 81 nəfəri fəxri dəmiryolçudur.

Çoxlarının adi nəqliyyat vasitəsi kimi baxdığı metropoliteni Siz böyük milli sərvət hesab edir və ona həmin meyarla yanaşırsınız. Bu əvəzsiz sərvəti qoruyub saxlamaq, zənginləşdirmək üçün mümkün olan hər şeyi edirsiniz. Adı çəkilən Sərəncamınız da elə bu nəcib istəkdən və məqsəddən irəli gəlir.

Möhtərəm Prezident!

Kollektivimizin əməyinə verdiyiniz yüksək qiymətə, bizə göstərdiyiniz daimi qayğı və diqqətə görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Bakı metropoliteninin kollektivi bu yüksək qayğını əməli işlə doğruldacaq, qarşıya qoyduğunuz vəzifələri ləyaqətlə yerinə yetirmək, metronun şöhrətini daha da artırmaq üçün ikiqat səylə çalışacaqdır.

Cənab Prezident!

Sizi növbəti beş ildə də Prezident görmək istəyirik və artıq öz seçimimizi etmişik. Kollektivimiz 2003-cü ilin Prezident seçkilərində Sizin namizədliyinizi yekdilliklə dəstəkləyir və Bakı metropoliteninin çoxsaylı kollektivi öz səsini Sizə verəcəkdir.

Bakı metropoliteninin kollektivi adından dərin hörmətlə,

Tağı Əhmədov

Metropolitenin rəisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin