Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əzizimiz Heydər Əliyev! 

Xidmətlərimi nəzərə alıb məni fərdi təqaüdə layiq görməyiniz çox böyük sevincimə səbəb oldu. Buna görə Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm. Allah daim Sizi sevindirsin!

Həyatımda bir neçə ictimai-siyasi quruluş və inqilab, dəfələrlə müharibə, qaçqınlıq və deportasiya, çoxlu müxtəlif terrorlar, aclıq və inflyasiya, xeyli tərəqqi və tənəzüllə üz-üzə gəlmişəm. İmperator, Baş katib, respublika başçıları və prezidentlərin hakimiyyətini də çox görmüşəm. Bu çoxsimalı dünyada ağır həyat yolu keçən insan kimi deyirəm, Siz qeyri-adi istedada və güclü iradəyə malik, dövlətçiliyimizin memarı və müstəqilliyimizi möhkəmləndirən dahi şəxsiyyətsiniz. Siz dövlətlər içərisində dövlətimizi, millətlər içərisində millətimizi tanıdan, məşhurlaşdıran və şərəfləndirən əfsanəvi dövlət başçısısınız. Allah Sizi qorusun!

Siz ölkəmizin müdafiəsini mahirliklə təşkil edir, mürəkkəb vəziyyətlərdə xalqı qoruyur, cəsur əsgər yetişdirməklə bərabər, düşmənə insanpərvərliklə qalib gəlməyi üstün tutan tarixi şəxslər sırasında əbədiləşirsiniz! Allah bu xeyirxah işinizdə kömək olsun!

Hörmətli Heydər Əliyev! Keçən əsrdə iki dəfə şikəst edilmiş Azərbaycanımızı, Allaha şükür ki, Siz fəlakətlərdən xilas edib ayağa qaldırdınız. Sizin bu misilsiz xidmətləriniz gələcək nəsillərə nümunədir. Sizin titanik əməyinizi yalnız nəzəriyyəbaz, yaddaşsız və ağlı ala qayada olanlar görməyə bilər. Allah Sizə uzun ömür versin!

Hörmətli YAP sədri! 60 il üzvü olduğum dağılmış partiyadan sonra siyasətdən uzaqlaşmışdım. YAP yaradılarkən ailə üzvlərimizin çoxu onun təəssübkeşi oldu. Böyük oğlum partiyanın fəalı və ilk Siyasi Şuranın üzvü idi. Birinci gündən övladlarımla, nəvələrimin əksəriyyəti ilə Sizin partiyadayıq və nəticələrimin də bu ənənəyə sadiq olacağına əminəm. Biz demokratikləşmiş Azərbaycanımızda keçiriləcək prezident seçkilərində Sizin fəal tərəfdarlarınızıq. Kim Azərbaycanın əmin-amanlıq, sülh və sabitlik şəraitində inkişafını arzulayırsa, kim ailəsinin sakit, dinc və rahat yaşamağını istəyirsə, kim övladının salamat, sağlam böyüməsini və gələcəyinin ümidli olmasını düşünürsə, o, Sizə səs verəcəkdir. Allahın köməyi ilə seçkilərdə qələbə Sizin olacaqdır.

Allah Sizdən razı olsun!

Azərbaycan Respublikasının Prezidentinin

fərdi təqaüdçüsü, 95 yaşlı

Musayev Talıb Qurban oğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin