Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!

Sizi - müstəqilliyimizin memarını və qurucusunu, Azərbaycanın bəşər tarixinə bəxş etdiyi görkəmli siyasi və dövlət xadimini 15 iyun - Milli qurtuluş günü münasibəti ilə Milli Məclisin deputatları adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dövlətçiliyimizin inkişafı naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Tale elə gətirmişdir ki, xalqımız XX əsrdə iki dəfə öz müstəqilliyini bərpa etməyə nail olmuşdur. Əsrin əvvəlində obyektiv və subyektiv səbəblər üzündən bu müqəddəs neməti qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonunda Heydər Əliyev dühası ilə xalqımız azad yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir.

Sovet İttifaqının süqutundan sonra Azərbaycanın suverenliyi hüquqi sənədlərdə öz əksini tapsa da, o vaxtkı, respublika rəhbərliyinin naşılığı, imperiyapərəst qüvvələrə qulluq etməsi ucbatından müstəqillik yolunda heç bir irəliləyişə nail olunmamış, 80-cı illərin sonlarında təməli qoyulmuş faciələr böyüyərək, böhranlı həddə çatmışdı.

Ölkənin siyasi və iqtisadi vəziyyəti durmadan pisləşirdi. Müstəqilliyimizi beşikdəcə boğmaq məqsədi ilə daxili və xarici düşmənlər birləşərək bütün imkanlardan istifadə edir, hakimiyyət iddiasında olanlar arasında isə amansız mübarizə gedirdi. Həyatın bütün sahələrini bürümüş hərc-mərclikdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini asanlıqla işğal edir, 100 minlərlə soydaşımızı öz dədə-baba yurdundan didərgin salırdılar. Silahlı yolla hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü respublikanı parçalanıb məhv olmaq həddinə gətirib çıxarmış, Ermənistanın işğalçılıq müharibəsinə vətəndaş qarşıdurması da əlavə olunmuşdu. Ölkədə mənəm-mənəmlik, özbaşınalıq, soyğunçuluq mühiti hökm sürür, cənubda və şimalda separatçılıq meyllərinə rəvac verilirdi. Xalqın gərgin əməyi sahəsində on illər boyu toplanmış sərvət amansızcasına talan edilir, silahlı quldur dəstələri bütün respublika əhalisini vahimə içərisində saxlayırdılar.

Dövlətçiliyimizin müqəddəratının həll edildiyi bu ağır məqamda xalqımızın nəzərləri Heydər Əliyevə yönəlmişdi. Hamı əmin idi ki, ölkəni bürümüş xaos və anarxiyadan qurtulmaq, müstəqilliyimizin əbədiliyini təmin etmək yalnız bu nadir tarixi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi, müdrikliyi sahəsində mümkün ola bilər.

Möhtərəm cənab Prezident!

Siz bu inamı hələ respublikaya ilk dəfə rəhbərlik etdiyiniz, sonralar Moskvada, Naxçıvanda çalışdığınız dövrlərdə xalqımız qarşısında göstərdiyiniz xidmətlər sayəsində qazanmışdınız. Sizin parlaq siyasi və dövlətçilik fəaliyyətinizin hər anı Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə fədakarlıq nümunəsidir.

Vətənin ağır günlərində Siz xalqın səsini eşidib, onun istək və arzusu ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtdınız və həmin gün xalqımızın tarixinə Milli qurtuluş günü kimi həkk olundu. Bu qayıdış milləti özünə, Azərbaycanı azərbaycanlılara qaytardı.

Sizin müdrikliyiniz, uzaqgörənliyiniz, iradəniz, qətiyyətiniz sayəsində Azərbaycan onu gözləyən müdhiş fəlakətlərdən qurtuldu. Vətəndaş müharibəsinin qarşısı alındı. Ölkəni parçalamaq həddinə gətirib çıxarmış böhrana son qoyuldu. Separatçılıq meylləri aradan qaldırıldı, dövlət çevrilişi, terror cəhdlərinin qarşısı alındı.

Ölkədə möhkəm ictimai-siyasi sabitlik yarandı. Milli Ordu quruculuğuna başlandı. Cəbhədə atəşkəs elan olundu. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.

Yeni neft strategiyası hazırlanıb həyata keçirildi. Dünyanın tanınmış neft şirkətləri ilə Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsinə dair sazişlər imzalandı.

Ölkəyə külli miqdarda investisiya axını başlandı. Görünməmiş həddə çatan infilyasiyanın qarşısı alındı. Milli dövlətçilik, Azərbaycançılıq ideyası formalaşdı. Ölkədə demokratik, siyasi, iqtisadi, hüquqi islahatlar aparıldı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Demokratik şəraitdə prezident, parlament, bələdiyyə seçkiləri keçirildi. Ölkəmiz tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüsçüsünə və fəal iştirakçısına çevrildi. Azərbaycan dünya birliyində layiqli yerini tutdu, ölkənin beynəlxalq qurumlarla əlaqələri genişləndi.

Bu gün Heydər Əliyev ocağının və siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevin rəhbərliyi ilə parlament nümayəndə heyətimiz Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox səmərəli fəaliyyət göstərir.

Əziz Prezident!

Sizin Vətən qarşısında göstərdiyiniz xidmətləri qədirbilən xalqımız misilsiz vətəndaşlıq hünəri, fədakarlıq kimi qiymətləndirir və Azərbaycanı bütün dünyada tanıdan dahi rəhbəri ilə haqlı olaraq fəxr edir. İnanırıq ki, dünya şöhrətli Rrezidentinə tükənməz məhəbbət bəsləyən xalqımız Sizin rəhbərliyinizlə XX1 əsrdə daha yüksək zirvələr fəth edərək öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır. Sizi Azərbaycan xalqının Milli qurtuluş günü münasibəti ilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin və xalqımızın işıqlı gələcəyi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının

Milli Məclisi

Bakı şəhəri, 15 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin