AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ
Əziz və möhtərəm cənab Prezident!
Milli varlığımızın rəmzlərindən, xalqımızın ən əziz bayramlarından biri olan, bahar təravətli Novruzun gəlişi münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, xalqımızın xoşbəxt günlərə qovuşdurulması naminə yorulmaq bilməyən fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!
Müstəqil dövlətimizin məhv olmaq təhlükəsindən xilas edilməsində, respublikamızın ardıcıl inkişaf yoluna çıxarılmasında və digər sahələrdə göstərdiyiniz xidmətlərə görə Siz Azərbaycanın tarixində əbədi yaşamaq haqqı qazanmış, xalqımızın qəlbində özünüzə möhtəşəm abidə ucaltmısınız.
Azərbaycanda hər Novruzun yeni nailiyyətlərlə qeyd edilməsi artıq ənənəyə çevrilmişdir. Ötən bir il də bu baxımdan çox əlamətdar olmuşdur. 2002-ci ilin sentyabrında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təməli qoyulmuşdur. Bu Sizin hazırlaylb həyata keçirdiyiniz yeni neft strategiyasının xalqımız və dövlətimiz üçün öz bəhrələrini verdiyini nümayiş etdirən tarixi bir hadisə olmuşdur. Ötən ilin noyabrında cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 10 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Avropa Şurasının 2002-ci il payız sessiyasında Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən sənəd qəbul edilmişdir. Avropa Şurası Parlament Assambleyasının bu il yanvarın 27-də keçirilən iclasında nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev AŞPA-nın sədr müavini və Büro üzvü seçilmişdir. İlham Əliyev belə nüfuzlu beynəlxalq təşkilatda yüksək vəzifəyə seçilən ilk azərbaycanlı siyasətçidir. Vaxtilə Kremlin zirvəsinə yüksələrək, xalqımızın başını uca edən, respublikamıza şərəf gətirən Heydər Əliyev şəxsiyyətinin, onun yaratdığı siyasi məktəbin layiqli yetirməsi, davamçısı olan İlham Əliyevin bu gün Avropa Şurasının Parlament Assambleyasında yüksək zirvəni fəth etməsi hər bir soydaşımızı ürəkdən sevindirmişdir.
Möhtərəm cənab Prezident!
Novruzla gələn bahar təbiətlə yanaşı ömrümüzə-günümüzə də yeni ab-hava, gənclik təravəti bəxş edir. İnanırıq ki, bu bahar da Sizin parlaq zəkanızın nurunda gələcəyə inamla baxan xalqımıza yeni böyük uğurlar gətirəcəkdir. Bu da şəksizdir ki, işğal edilmiş torpaqlarımızın yağı tapdağından azad ediləcəyi, qaçqınlarımızın öz yurd-yuvalarına dönəcəyi, xalqımızın sülhə və əmin-amanlığa qovuşacağı günlər uzaqda deyildir. Sizin nadir dövlətçilik təcrübəniz və bütün maneələri dəf etməyə qadir olan siyasi məharətiniz, Sizə bəslənən xalq məhəbbəti və ümumdünya rəğbəti bizi buna əmin edir.
Əziz Prezident!
Müqəddəs Novruz bayramının yurdumuza qədəm qoyması münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın sabahı naminə nəhəng fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!
Novruz bayramınız mübarək olsun!
Dərin ehtiram hissi ilə,
Azərbaycan Respublikasının
Milli Məclisi
Bakı şəhəri, 18 mart 2003-cü il