Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 15 may tarixli

Fərmanı ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLİKASININ SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (bundan sonra – Nazirlik) sənaye və yanacaq-energetika kompleksində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Sənaye və yanacaq-energetika kompleksi mədənçıxarma, emal (neftin və qazın emalı, nəqli və paylanması, kimya, maşınqayırma, metallurgiya, yüngül və digər sənaye sahələrindən), elektrik və istilik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və bu sahələr ilə əlaqədar işləri həyata keçirən hüquqi şəxslərdən və fərdi sahibkarlardan ibarətdir.

4. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

6. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

7. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazirliyin fəaliyyət istiqamətləri

8. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

8.2. rəqabətədavamlı sənaye mallarının istehsalının həyata keçirilməsini, enerji resurslarından səmərəli istifadə olunmasını və bu sahədə dövlətin maraqlarının qorunmasını təmin edir;

8.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Nazirliyin vəzifələri

9. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

9.1. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək;

9.2. müvafiq sahənin perspektiv istiqamətlərini müəyyənləşdirmək, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

9.3. ayrı-ayrı enerjidaşıyıcılarının istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlamaq, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;

9.4. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə üzrə fəaliyyətini, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin müəssisələrarası fəaliyyətini əlaqələndirmək;

9.5. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;

9.6. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət nəzarətini həyata keçirmək;

9.7. müvafiq sahəyə sərmayə qoyuluşunun cəlb edilməsi üçün əlverişli mühit yaradılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

9.8. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə vermək;

9.9. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

9.10. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə əhalinin və iqtisadiyyatın sənaye məhsullarına və enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək;

9.11. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

9.12. Azərbaycan Respublikasının yanacaq-enerji balansını tərtib etmək və aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə onun yerinə yetirilməsi üçün tədbirlər görmək;

9.13. dövlət müəssisələri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələr üzrə enerji daşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak etmək;

9.14. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdə dövlətin maraqlarını təmsil etmək və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada onların fəaliyyətinə nəzarət etmək;

9.15. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdə hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkiləri və texnoloji sərfi normalarını təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;

9.16. enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və sərfin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

9.17. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

9.18. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerjiyə qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər hazırlamaq, enerjidən istifadənin səmərəliliyinin artırılması üzrə işlərin əlaqələndirilməsini həyata keçirmək;

9.19. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə təbii ehtiyatlardan, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

9.20. Azərbaycan Respublikasında istehsal olunan sənaye mallarının xarici bazarlara çıxarılması üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasının təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;

9.21. öz səlahiyyətləri daxilində müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlər hazırlamaq və həyata keçirmək;

9.22. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak etmək;

9.23. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət əmlakının səmərəli idarə olunması üzrə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

9.24. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak etmək;

9.25. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə fəaliyyət göstərən dövlət müəssisələri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələr tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlərin vaxtında qaytarılmasını təmin etmək məqsədi ilə aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlamaq və qanunvericiliyə uyğun olaraq həyata keçirmək;

9.26. sənaye və yanacaq-energetika kompleksinin strukturunun təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlamaq və qanunvericiliyə uyğun olaraq həyata keçirmək;

9.27. müvafiq sahənin dövlət müəssisələrinin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələri hazırlamaq, təkliflər vermək və öz səlahiyyətləri daxilində tədbirlər görmək, vəsait qoyuluşu proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;

9.28. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq karbohidrogen ehtiyatlarının hasilatın pay bölgüsü və ya digər şərtlərə uyğun olaraq işlənməsi barədə sazişlərin layihələrini hazırlamaq, bu sazişlər üzrə danışıqlar aparmaq, onları müəyyən olunmuş qaydada imzalamaq, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət etmək;

9.29. Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin müvafiq sahəyə aid olan məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak etmək;

9.30. müvafiq sahəyə aidiyyəti olan məsələlər üzrə beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, bu sahəyə kreditlərin cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak etmək;

9.31. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji daşıyıcıları istehsalçılarının müəyyən olunmuş qaydada nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak etmək;

9.32. müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsini həyata keçirmək, normativ-hüquqi aktları və sahə standartlarını təsdiq etmək, onların icrasına nəzarət etmək;

9.33. dövlət proqramlarında müvafiq sahənin inkişafı ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tenderlərin təşkil edilməsini və həyata keçirilməsini təmin etmək, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin hər il üzrə gəlir və xərclər smetalarını razılaşdırmaq və onların icrasına nəzarəti həyata keçirmək;

9.34. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

9.35. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rabitə əlaqəsini həyata keçirmək, səfərbərlik hazırlığını təşkil etmək, bununla bağlı metodiki göstərişlər vermək;

9.36. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

9.37. müvafiq sahədə kadr hazırlığını və ixtisasın artırılmasını təmin etmək;

9.38. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.39. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.40. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Nazirliyin hüquqları

10. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

10.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

10.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

10.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

10.5. Nazirliyə təqdim olunmuş layihələrə və digər sənədlərə ekspert rəyi vermək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar, təhlillər və ümumiləşdirmələr aparmaq, təkliflər vermək;

10.6. müvafiq sahədə əlverişli investisiya mühiti yaradılmasına dair qanunvericiliklə müəyyən edilmiş qaydada təkliflər vermək;

10.7. sənaye və yanacaq-energetika kompleksinin, onun ayrı-ayrı sahələrinin inkişaf dinamikasını təhlil etmək;

10.8. sənaye və yanacaq-energetika kompleksinə daxil olan dövlət mülkiyyətində olan obyektlərin (əsas vəsaitlərin) qanunvericiliklə müəyyən olunmuş qaydada balansdan balansa verilməsinə və balansdan silinməsinə dair öz səlahiyyətləri daxilində rəy vermək;

10.9. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;

10.10. enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və sərfin azaldılması barədə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrdən müəyyən olunmuş formalarda hesabatlar almaq;

10.11. öz səlahiyyətləri daxilində müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimləmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;

10.12. müvafiq sahə üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər təşkil etmək;

10.13. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin nizamnamələrini və əsasnamələrini təsdiq etmək (belə nizamnamələrin və əsasnamələrin təsdiq edilməsi səlahiyyətinin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsus olduğu hallar istisna olmaqla);

10.14. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrini yaratmaq, yenidən təşkil və ləğv etmək (belə müəssisələrin yaradılması, yenidən təşkil və ləğv edilməsi səlahiyyətinin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsus olduğu hallar istisna olmaqla);

10.15. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək (belə rəhbərlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətinin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsus olduğu hallar istisna olmaqla);

10.16. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

10.17. qanunvericiliklə müəyyən edilmiş qaydada müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

10.18. qanunvericiliklə müəyyən edilmiş qaydada bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

10.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazirliyin fəaliyyətinin təşkili

11. Nazirliyin aparatı və onun strukturuna daxil olan yerli və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

12. Nazirliyin strukturu və aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

13. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

14. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır.

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

15. Nazir:

15.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Nazirliyin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların nizamnamələrini və əsasnamələrini təsdiq edir;

15.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

15.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir, müvafiq sahədə xüsusi fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş fəxri adlarla təltif edir;

15.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

15.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

15.7. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə münasibətlərdə nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

15.8. Nazirliyi təmsil edir.

16. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Nazirliyin strukturuna daxil olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

17. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

18. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti, müvafiq sahənin inkişafı ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

19. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

20. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

21. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

22. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

23. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin