Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının
2023-cü il 14 iyul tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində sarı rəngli səkkizguşəli ulduzun mərkəzində relyefli şüaların əhatəsində tünd yaşıl rəngli dairə yerləşdirilmişdir. Dairənin aşağı hissəsində “30 il” sözləri və həmin sözlərin altında “1993-2023” rəqəmləri yazılmışdır. Dairənin aşağı hissəsindən başlayaraq, sözlərin əvvəlində və sonunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmaqla, qövs boyunca “STRATEJİ OBYEKTLƏRİN MÜHAFİZƏSİ ORQANLARI” sözləri yazılmışdır.

2.2. Medalın mərkəzində ətrafı sarı rənglə konturlanan və içərisi Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 şaquli zolağa bölünən daxili çevrə yerləşdirilmişdir. Daxili çevrədə çarpaz vəziyyətdə iki qılınc və iki sünbül budaqları təsvir olunmuşdur, həmin təsvirin üst hissəsində qırmızı rəngin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuşdur.

2.3. Bütün yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın konturlanmış arxa tərəfi tünd qızılı rəngdə olmaqla səthi hamardır, mərkəzində sarı rəngdə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanları” sözləri, aşağı hissədə “30 il” sözləri və həmin sözlərin altında “1993-2023” rəqəmləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd yarpaqları təsviri olan 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 12 mm enində açıq qəhvəyi rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 1,5 mm enində qızılı rəngli, 11 mm enində tünd yaşıl rəngli şaquli zolaqlar təsvir olunur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin