Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ SÜLHMƏRAMLI ƏMƏLİYYATLARDA İŞTİRAKI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. həmin Qanunun 14.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində, 8.2-ci maddəsinin birinci cümləsində, 8.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.1-ci maddəsində (ikinci və üçüncü halda), 9.4-cü maddəsinin ikinci cümləsində, 10.4-cü maddəsində (ikinci halda), 15.1-ci maddəsində və 15.3-cü maddəsində (birinci və üçüncü halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 8.2-ci maddəsinin ikinci cümləsində, 9.1-ci maddəsində (birinci halda), 9.2-ci, 9.3-cü maddələrində, 9.4-cü maddəsinin birinci cümləsində, 10.1-ci maddəsində, 10.4-cü maddəsində (birinci halda), 10.5-ci maddəsinin birinci cümləsində və 15.3-cü maddəsində (ikinci və dördüncü halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin