SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Lüksemburqun Böyük Hersoquna təqdim etmişdir
Brüssel, 15 mart (AZƏRTAC). Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov etimadnaməsini Lüksemburqun Böyük Hersoqu Anriyə təqdim etmişdir.
Səfir Fuad İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Böyük Hersoq Anriyə çatdırmışdır.
Böyük Hersoq Anri də səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını səfirdən xahiş etmişdir.
Azərbaycanın Lüksemburq ilə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıran Fuad İsgəndərov Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq barədə danışmışdır. Diplomat, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin həlli istiqamətində danışıqlar prosesinin hazırkı vəziyyəti barədə Böyük Hersoqa məlumat vermişdir.
Böyük Hersoq Anri Azərbaycanın regionda mühüm ölkə olduğunu bildirmiş, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini vacib tarixi hadisə adlandırmışdır. Lüksemburq da BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycanın verdiyi dəstək yüksək qiymətləndirmiş və dünya miqyaslı məsələlərin həllində ölkəmizin töhfəsi xüsusi vurğulanmışdır.
Sonda Böyük Hersoq Anri səfir Fuad İsgəndərovu yeni təyinatı münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamış, Azərbaycan-Lüksemburq əməkdaşlığının inkişafında diplomatın əlindən gələni əsirgəməyəcəyinə əminliyini bildirmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel