İQTİSADİYYAT
Azərbaycan sərhəddə avtonəqliyyat sıxlığının aradan qaldırılması üçün Rusiyaya rəsmi müraciət ünvanlayıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan sərhəddə avtonəqliyyat sıxlığının aradan qaldırılması üçün Rusiyaya rəsmi müraciət ünvanlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.
Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. Sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçirilib.