ELM VƏ TƏHSİL
“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, jurnalın yeni nömrəsində əvvəlcə bu elm müəssisəsinin müstəqillik illərindəki fəaliyyətini əks etdirən məqalə və respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən elmi konfrans barədə yazı təqdim olunur. Nəşrdə görkəmli şərqşünas akademik Əbdülkərim Əlizadəyə həsr edilən məqalələr yer alıb. Həmçinin oxuculara şərq ədəbiyyatına, dillərinə, ictimai fikrinə aid “Şəhriyarın farsdilli poeziyada yeri”, “Haldun Tanerin hekayə yaradıcılığı”, “Qarabağ faciələri Cənubi Azərbaycan ədəbiyyatında”, “Çin dilçiliyi tarixindən” və digər məqalələr təqdim olunur.
Jurnalın yeni nömrəsində müasir Şərqdə cərəyan edən proseslərə həsr olunan yazılar, Şərq ədəbiyyatından tərcümə və digər materiallar da diqqəti cəlb edir. Burada Şərqşünaslıq İnstitutunda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumat almaq mümkündür.