İQTİSADİYYAT
Azərbaycan şirkəti Tbilisi şəhərində “Dirsi”nin daha iki korpusunu istismara verib
Bakı, 10 fevral, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın “AS Group İnvestment” şirkətlər qrupunun Gürcüstanın paytaxtı Tbilisidə inşa etdiyi “Dirsi” yaşayış kompleksinin daha iki korpusu istismara verilib.
“AS Group İnvestment”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tbilisi bələdiyyəsi yanında nəzarət xidməti sözügedən kompleksin 16С və 18А korpuslarının istismarına rəsmi icazə verilib.
Qeyd olunub ki, “AS Group İnvestment” şirkətlər qrupu 2014-cü ilin noyabr ayında 11 korpus, 22 blok və 2594 mənzili əhatə edən və regionun ən iri yaşayış kompleksi olan “Dirsi”nin birinci mərhələsini artıq başa çatdırıb. Bu mənzillərdən 20-si kommersiya daşınmaz əmlakı kimi istifadə olunur.
Yaxın zamanda 9 yaşayış binası və 2304 mənzili əhatə edən ikinci mərhələnin başlanması nəzərdə tutulur. “Dirsi” layihəsi çərçivəsində gələcəkdə həmçinin 250 otaqlı otelin və böyük ticarət mərkəzinin tikintisi planlaşdırılır.