MƏDƏNİYYƏT
Azərbaycan tarixi mövzusunda respublika rəsm müsabiqəsinin yekun sərgisi açılacaqdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 14-də Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş Azərbaycan tarixi mövzusunda respublika rəsm müsabiqəsinin yekunu - “Əsrlər-nəsillər” sərgisi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan rəssamları ümummilli lider Heydər Əliyevin təsviri sənət sahəsinə göstərdiyi böyük diqqət və qayğını daim üzərilərində hiss etmiş və minnətdarlıq duyğularını öz sənət əsərlərində əks etdirməyə çalışmışlar.
Bununla bağlı Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Azərbaycan tarixi mövzusunda “Əsrlər-nəsillər” adlı respublika müsabiqəsi elan olunmuşdur. Bir neçə mərhələdə davam etdirilmiş müsabiqəyə Azərbaycan tarixinin şanlı hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətini, qəhrəmanların millətin varlığı və dövlətçilik ənənələrinin yaşadılması, müstəqillik, suverenlik, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda göstərdikləri şücaətləri əks etdirən əsərlər təqdim olunmuşdur. Bu müsabiqə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, insanlarda Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edən hadisələr və tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında təsviri sənət əsərləri vasitəsilə təsəvvür yaratmağa xidmət edir.
Sərgi iyunun 17-dək davam edəcəkdir.