MƏDƏNİYYƏT
Azərbaycan tarixinin şanlı səhifəsi
Kürdəmir, 26 may (AZƏRTAC). Kürdəmirdə yenicə istifadəyə verilmiş “Gənc Heydərçilər parkı”nda 28 May - Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəblilərin hazırladıqları “Azərbaycanın dövlətçilik tarixi və ənənələri” mövzusunda sərgiyə baxmışlar. Sərgidə ayrı-ayrı məktəblərdə hazırlanmış qədim Azərbaycan dövlətinin ərazisini əks etdirən xəritələr, dövlət simvolları hər kəsdə böyük maraq doğurmuşdur.
Sonra 1918-ci il mayın 28-də elan olunmuş və cəmi 23 ay yaşamış Azərbaycan Xalqı Cümhuriyyətinin yaranması, qısa zamanda görülmüş işlər barədə, bu dövlətin yaradıcılarından olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Topçubaşov, H.Ağayev və Azərbaycanın digər vətənpərvər övladları haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 1920-ci il aprelin 27-də XI ordunun hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdir.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda başlanan milli-azadlıq hərəkatının xalqın qələbəsi ilə başa çatdığını bildirən tədbir iştirakçıları yenidən müstəqilliyini qazanan Azərbaycan Respublikasnın müdrik dövlət rəhbəri, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün maneələri dəf edərək inkişaf yoluna çıxdığını vurğulamışlar.
Qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.
Bayram tədbirində məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, rayonun incəsənət ustalarının hazırladıqları geniş konsert proqramı təqdim olunmuşdur.