MƏDƏNİYYƏT
Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən reallaşan layihənin icrası davam etdirilir
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü ilə reallaşan “Axunzadə dərsləri” adlı layihənin icrası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktybarın 31-də ATXİ-də gənc dramaturqlara ustad dərsləri keçirilmişdir.
Tədbirdə ATXİ-nin fəaliyyəti və layihə haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, layihə çərçivəsində artıq bir çox peşəkar dramaturq və sənət adamlarından bir neçəsi gənc yazıçılara mühazirələr oxumuşlar. Həmçinin yaradıcı gənclərin əsərlərinin seçiminə də başlanılmışdır. Məqsəd 2012-ci ildə 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb, teatrlardan birinin repertuarına daxil etməkdir.
Tanınmış dramaturq Əli Əmirlinin “Dram əsərlərinin yazılışı və
süjetlərin quruluşu” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafında M.F.Axundzadənin rolundan, bədii yaradıcılığın ən mürəkkəb növü olan dram əsərlərinin qayda-qanunlarından bəhs etmişdir. O, səhnə əsərlərinin yazılmasında süjet qurmağın, həyati hadisələri dramatik hadisələrə çevirməyin yolları barədə danışmış və öz təcrübəsinə əsasən gənc yazarlara tövsiyələrini vermişdir. Demişdir ki, teatrı sevmədən dramaturq olmaq mümkün deyil. Bədii ədəbiyyatın bu janrının sehrinə düşmək üçün müxtəlif səviyyəli dram əsərləri oxumaq və teatr tamaşalarına baxmaq lazımdır.
Tədbirdə gənc yazıçıların kiçik həcmli pyeslərindən parçalar oxunmuş və onların sualları cavablandırılmışdır.