CƏMİYYƏT
AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQI SANKT-PETERBURQDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ GƏNCLƏR FORUMUNA DƏVƏT ALMIŞDIR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) ölkəmizdə səfərdə olan Sankt-Peterburq hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüş olmuşdur.
Nümayəndə heyətinin rəhbəri Sergey Qrişin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını, Gənclər və İdman Nazirliyi ilə bununla bağlı anlaşma memorandumu imzaladıqlarını bildirmişdir. O, həyata keçirdikləri layihələrdə azərbaycanlı tələbələri fəal iştirak etməyə çağırmışdır.
S.Qrişin Sankt-Peterburq hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsi tərəfindən hər ilin sonunda MDB və Avropa ölkələri gənclərinin iştirakı ilə beynəlxalq gənclər forumunun keçirildiyini söyləmişdir. O, noyabrın sonlarında keçiriləcək növbəti foruma ATGTİ-nin nümayəndələrini də dəvət etmişdir.
Nümayəndə heyətinin rəhbəri, həmçinin ATGTİ ilə Rusiyanın nüfuzlu gənclər təşkilatları arasında əlaqələrin qurulmasına öz töhfələrini verməyə hazır olduğunu söyləmişdir.
ATGTİ-nin sədri Şahin İsmayılov rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat vermişdir. Bildirilmişdir ki, 2009-cu ilin noyabrından fəaliyyət göstərən təşkilatın əsas məqsədi tələbələrin ölkəmizin mədəni, ictimai və siyasi həyatında fəallığını artırmaqdır.
Məlumat verilmişdir ki, yeni yaranmasına baxmayaraq, qurum beynəlxalq əlaqələrini daim genişləndirir. Xarici təşkilatlarla əlaqələrdə MDB gəncləri ilə əməkdaşlığa xüsusi önəm verilir.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.