ELM VƏ TƏHSİL
Azərbaycan Tələbə Şəbəkəsi Praqada “Azərbaycan Günü” təşkil etmişdir
Praqa, 17 iyun (AZƏRTAC). Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Praqada yerləşən CERGE-Eİ İnstitutunda bu ali təhsil ocağının professor, müəllim heyəti və tələbələri üçün “Azərbaycan Günü” adlı tədbir keçirmişdir.
CERGE-Eİ İnstitutunun azərbaycanlı tələbəsi Ruslan Alıyev tədbir iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat vermişdir.
ASN-ın nümayəndəsi Sabir Məmmədov təmsil etdiyi təşkilatın fəaliyyətindən danışmış, institutun tələbə, magistr və doktorantlarını bu qurum çərçivəsində əməkdaşlığa dəvət etmişdir.
Mərasim iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadi inkişafından bəhs edən foto, audio, videomateriallar paylanmış, Elmar İmanovun müəllifi olduğu və tələbə mükafatı almış “The Swing of the Coffin Maker” filmi nümayiş etdirilmişdir.
Caz musiqisinin müşayiəti ilə davam edən tədbirin iştirakçılarına Azərbaycanın milli yeməkləri, şirniyyatlarımızı təqdim olunmuşdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa