MƏDƏNİYYƏT
Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri 80 illik yubileyini konsert proqramı ilə qeyd etmişdir
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin kollektivi özünün 80 illik yubileyi münasibətilə geniş konsert proqramı ilə çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Xalq Artisti, professor Zəhra Quliyeva tədbir haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin 80 illik yubiley mərasimində istər-istəməz tarixi bir hadisə yada düşür: 6 noyabr 1926-cı il. Həmin gün “Danışır Bakı” kəlmələri ilə efirə çıxan Azərbaycan radiosu, 30 il sonra ona qoşulan Azərbaycan Televiziyası xalqımızın həyatında, mili mədəniyyət tariximizdə önəmli rol oynayırlar. Azərbaycan radiosu və televiziyasının tarixi uğurlarına tarixi də qiymət verilir.
Z.Quliyeva ulu öndərimiz Heydər Əliyevin Azərbaycan televiziyası və radiosu haqqında dediyi sözləri böyük minnətdarlıq hissi ilə yada salmışdır: “Azərbaycan televiziyası və radiosu zəngin və şərəfli inkişaf yolunu keçərək xalqımızın yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmişdir. Bu gün milli televiziya və radiomuz sözün əsl mənasında xalqın tribunasıdır. Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır”.
Ümummilli liderimiz Heydər Əliyevin və onun müdrik siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrlə yanaşı, mədəniyyətə göstərdikləri böyük diqqət və qayğı sayəsində ölkəmizdə iri musiqi kollektivləri saxlanılır, dövlət büdcəsindən maliyyələşdirilir.
Nəzərə çatdırılmışdır ki, orkestr 1932-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində yaradılmışdır.
Simfonik orkestrin ilk bədii rəhbəri və baş dirijoru Aleksandr Semyonoviç Şvarts olmuşdur. Ü.Hacıbəylinin dəvətilə Avstriya dirijoru Otto Ştrasser də bir neçə il bu kollektivdə çalışmışdır.
1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, ikinci dirijoru Çingiz Həsənov olmuşlar. Sonrakı illərdə orkestrə bədii rəhbərliyi Xalq Artisti Ramiz Məlikaslanov, əməkdar incəsənət xadimləri İsmayıl Hacıyev və Yaşar İmanov həyata keçirmişlər.
Hazırda Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri Əməkdar İncəsənət Xadimi Azad Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərir.
Orkestrin repertuarı Azərbaycan və dünya bəstəkarlarının müxtəlif əsərləri ilə zəngindir. 1945-1946-cı illərdə isə dahi bəstəkar Ü.Hacıbəylinin məşhur “Arşın mal alan” operettası məhz bu orkestrlə ifa olunmuşdur.
Müxtəlif vaxtlarda orkestrin solistləri arasında Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov, Firəngiz Əhmədova və digər tanınmış sənətkarlar olmuşdur.
Hazırda orkestrə yeni solistlər - İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Əvəz Abdullayev cəlb olunmuşlar. Orkestr Azərbaycan Teleradiosunun Cahangir Cahangirov adına xoru ilə birlikdə yeni repertuar üzərində işləyir.
Ötən əsrin ortalarında müxtəlif səbəblərdən kollektiv dağılmışdır. Nəhayət, 1971-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Qara Qarayevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Xalq Artisti Ramiz Məlikaslanov yubiley münasibətilə səmimi hisslərini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Yubiley konsertində musiqisevərlər orkestrin solistlərinin ifasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, A.Əlizadənin seçilmiş əsərlərini dinləmişlər.
Konsert alqışlarla qarşılanmışdır.