ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rusiya Federasiyasının Rostov Dəmiryolları Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müqaviləyə əsasən bu ali təhsil ocaqları qarşıdakı illərdə tədris prosesinin təkmilləşdirilməsi, yüksəkixtisaslı mütəxəssislər hazırlığı, birgə elmi tədqiqatların və elmi-texniki konfransların keçirilməsi sahəsində əməkdaşlıq edəcəklər.
Eyni zamanda, hər iki ali məktəbin kollektivi beynəlxalq layihə və proqramların həyata keçirilməsində bir-birlərinə yardım göstərəcək, tədris planlarının hazırlanmasını və mübadiləsini təmin edəcəklər. Müqavilə tələbə mübadiləsini, istehsalat təcrübəsinin birgə təşkilini də nəzərdə tutur.
Ali məktəb tələbələrinin festivallarda, yubileylərdə və başqa tədbirlərdə iştirakı iki ölkənin elm. təhsil sahəsində əlaqələrinin möhkəmləndirilməsinə kömək edəcəkdir.