ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti “Erasmus Mundus-EMİNENCE” Ali Təhsildə Əməkdaşlıq proqramında iştirakını genişləndirir
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Polşanın Adam Miskevic Universitetinin bir qrup nümayəndəsi Azərbaycan Texniki Universitetində (AzTU) olmuşdur.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə AzTU-nun rektoru, professor Havar Məmmədov dövlət müstəqilliyimizin bərpasından sonra respublikamızda təhsilin inkişafına dövlət qayğısından, ali təhsilin Avropa təhsil sisteminə inteqrasiyasından, AzTU-nun beynəlxalq layihələrdə fəal iştirakından danışmışdır. “Erasmus Mundus-EMİNENCE” proqramının əhəmiyyətindən söz açan rektor qeyd etmişdir ki, bu layihə Azərbaycanın Avropa ölkələrinə inteqrasiyasının miqyasını genişləndirir. Bu il AzTU-nun daha altı tələbəsi beynəlxalq layihə ilə bağlı müsabiqədə qalib gəlmiş, İtaliya, İspaniya, Polşa və İsveçin ali məktəblərində öz təhsillərini davam etdirmək hüququ qazanmışlar.
“Erasmus Mundus-EMİNENCE” Ali Təhsildə Əməkdaşlıq proqramının əlaqələndiricisi, Polşanın Adam Miskevic Universitetinin əməkdaşı Katarzyna Barbara Hadas layihənin üstünlüklərindən, Avropanın ali məktəblərində təhsil alacaq gənclər üçün yaradılan şəraitdən söz açmışdır. Bildirilmişdir ki, layihə bakalavr, magistr, doktorantura pillələri üzrə tələbələrin Avropanın bir çox nüfuzlu universitetlərində təhsil almaları üçün nəzərdə tutulmuşdur. Bundan başqa, layihə ikitərəfli müəllim-tələbə mübadiləsini də nəzərdə tutur.
Görüşdə vurğulanmışdır ki, Azərbaycan Texniki Universiteti 2013-cü ildə əsası qoyulmuş “Erasmus Mundus-EMİNENCE” Ali Təhsildə Əməkdaşlıq proqramı vasitəsilə Qonşu Şərq Ölkələrinə İnteqrasiya layihəsində uğurla iştirak edir. Ötən il Azərbaycan Texniki Universitetinin 10 tələbəsi bu layihədə uğur qazanmışdır.