ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, həmçinin təbliği, yaradıcı gənclər arasında müsabiqələrin və AzTU-nun müəllimlərinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov AzTU-nun müəllimləri və təhsildə fərqlənən tələbələri ilə görüşüb.
AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli bir qurum olduğunu vurğulayıb, universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.
O.Səmədov rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən, bu günədək görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, bu təşkilat Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsini dəstəkləyən tədbirlər, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi üçün bir çox layihələr həyata keçirir.
Sonda Bilik Fondu və AzTU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi professor X.Yahudov və O.Səmədov imzalayıblar.