ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində Milli Qurtuluş Günü qeyd edilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yol açan Milli Qurtuluş Günü barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, həmin dövrdə hakimiyyətdə olan səriştəsiz, xəyanətkar, dağıdıcı qüvvələrin düşünülməmiş hərəkətləri Azərbaycanın bir dövlət kimi varlığına ciddi təhlükə yaratmışdı. Ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Respublikamızın bir çox bölgələrində xaos, anarxiya baş alıb gedirdi.
Xalqımız çox düzgün olaraq hesab edirdi ki, ölkəmizi belə təhlükəli vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev çıxara bilər. Ona görə də geniş xalq kütlələrinin təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi.
Tədbirdə Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq kütlələrinin birliyinin təmin edilməsi, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması, ölkəmizin sərvətlərindən məqsədyönlü istifadə olunması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan, ölçüyəgəlməz fəaliyyətindən danışılmışdır.
Qeyd olunmuşdur ki, respublikamızda həyatın bütün sahələrində görülən işlər tədricən öz səmərəsini verməyə, Azərbaycan getdikcə dünyanın hər yerində demokratik dəyərlərə üstünlük verən, insan hüquqlarını qoruyan, beynəlxalq əməkdaşlığa sadiq bir ölkə kimi tanınmağa başlamışdır.
Bildirilmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacaqdır. Onun qoyub getdiyi irs, xüsusilə gənclərimiz haqqındakı fikir və tövsiyələri yetişməkdə olan gənc nəsil üçün qiymətli və dəyərlidir. Ulu Öndərin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.