AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN 80 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu ildə ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illiyi tamam olur.
Ötən illər ərzində respublikamızda təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir.
Respublikamızda təbabət sahəsində xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 28 aprel 2010-cu il.